İdman oyun növləri

Xankəndi şəhər stadionunda “Qarabağ” və MOİK oyunu!

Dekabrın 21-də Xankəndi şəhər stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları qarşılaşıb. 30 ildən sonra işğaldan azad olunmuş ərazilərdə keçirilən ilk futbol matçını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva stadionda izləyiblər.
Dövlət Himnimizin səsləndirilməsindən və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad olunmasından sonra dövlətimizin başçısı stadionda çıxış edib. Ardınca Ulu Öndər Heydər Əliyevin idmançılarla görüşləri, idmanla bağlı fikirləri barədə videoçarx nümayiş olunub. Stadiona daxil olaraq futbolçularla və hakimlərlə görüşən Prezident İlham Əliyevin topa rəmzi toxunuşundan sonra “Qarabağ”–MOİK görüşü başladı. Maraqlı idman mübarizəsi şəraitində keçən görüş “Qarabağ” komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb.